"Qalatasaray" rəhbərliyi mövsümün sonunda müqaviləsi başa çatan 32 yaşlı argentinalı futbolçu Mauro İkardini daha bir il saxlamağa hazırlaşır. Planda yeganə mənfi məqam İkardinin illik maaşıdır.

İndex.az xəbər verir ki, klubun prezidenti Dursun Özbek müqavilənin uzadılması üçün maaşın azaldılmasını şərt kimi qoyur.

"Qalatasaray"dan ildə 10 milyon avro qazanan İkardidən ciddi maaş kəsilməsini qəbul etməsi istənilir. Argentinalı oyunçu 5 milyon avroluq maaşla bir illik yeni müqaviləni qəbul edərsə, imzaların yekunlaşacağı gözlənilir.

İtaliya mətbuatı isə İkardinin "Milan"la danışıqlar apardığını iddia edir.