ABŞ-da polis bu yaxınlarda 8 aylıq hamilə olan Porça Vudruff da daxil olmaqla 6 nəfəri haqsız yerə həbs edib.

İndex.az xəbər verir ki, polisin süni intellektin üz tanıma vasitələrinə güvənərək nəzarətə götürdüyü üzə çıxıb.

Bildirilir ki, süni intellektin polisi yanlış yerə saxlamasına səbəb olan şəxslərin hamısı qaradərilidir.

Hazırda səlahiyyətliləri məhkəməyə verməyə hazırlaşan Vudruff fevral ayında uşaqlarını məktəbə göndərəcəyi gün qapıya gələn Detroit polisi tərəfindən evindən aparıldığını bildirib.

“New York Times” qəzetinə danışan Vudruff həbsdə olarkən avtomobil oğurluğunda günahlandırıldığını, hamiləliyinin son dövründə olduğu üçün polis idarəsində ağrılar keçirdiyini, ancaq bir neçə saat gözləməli olduğunu bildirib.

Sonda məlum olub ki, Vudruff bu cinayətləri törətməyib və polis agentliyinin istifadə etdiyi üz tanıma proqramı onu səhvən müəyyən edib.