Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilməkdədir. Sentyabrdan sonra neftin qiymətində 16% azalama qeydə alınıb.
İndex.az xəbər verir ki, bunu Milli Məclisin üzvü, iqtisadçı deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, neftin dünya bazarı qiyməti Azərbaycanın dövlət gəlirləri baxımdan vacibdir: “Hazırda, Azərbaycan ixracatının 80 %-ə yaxını neft məhsulları təşkil edir. Bu kontekstdən neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir”.
Deputat xatırladıb ki, noyabrın 26-da OPEC+ alyansının iclasının keçiriləcəyi gözlənilır: “Tədbirdə hasilata yenidən baxılması və artırılması mümkünlüyü ilə bağlı yayılan xəbərlər enerji bazarına təsir göstərməkdədir. Bu isə investorlarının qərarlarına və neftin qiymətinə təsirsiz ötüşmür”.

O qeyd edib ki, hazırda Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Azərbaycan Dövlət Neft Fondu tərəfindən ödənilir: “Neft Fondu mövcud aktivləri hesabına illik orta hesabla 12 milyard manatlıq transferi həyata keçirmək imkanına malikdir. Bununla yanaşı, nefti qiyməti valyuta bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir”.
V.Bayramov vurğulayıb ki, “Brent” markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik təhdid yaratmasa da, növbəti dövrdə “qara qızıl”ın dəyərinin necə dəyişməsi müəyyən təsirlərə malik ola bilər: “Amma Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
