Avrasiya İnkişaf Bankı (EDB) hazırda Qazaxıstanda 2,5 milyard ABŞ dolları məbləğində layihələri nəzərdən keçirir.

İndex.az xəbər verir ki, bunu bankın İdarə Heyəti sədrinin müavini Ruslan Dalenov Almatıda 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, EDB Qazaxıstan iqtisadiyyatına 9 milyard ABŞ dolları investisiya yatırıb: "Hazırda Qazaxıstanda 2,5 milyard ABŞ dolları məbləğində potensial layihələr nəzərdən keçirilir ki, bu da bankın ölkədəki aktiv fəaliyyətindən xəbər verir".

R.Dalenov həmçinin bildirib ki, bankın xətti ilə 16 milyon ABŞ dolları məbləğində texniki yardım göstərilib.

"EDB-nin fəaliyyəti 2022-2026-cı illər üzrə beşillik strategiyaya uyğun həyata keçirilir. Strategiyanın həyata keçirildiyi dörd il ərzində bank Qazaxıstandakı layihələrə 5,1 milyard dollar təkrar investisiya qoyub. Bu vəsaitin təxminən yarısı sənaye obyektlərinə, üçdə biri nəqliyyat və enerji infrastrukturuna, qalan hissəsi isə maliyyə sektoru, aqrar-sənaye kompleksi və digər sahələrə yönəldilib. İnvestisiyaların dayanıqlı artım dinamikası diqqətəlayiqdir: onların illik məbləği 1 milyard ABŞ dollarını ötür. Üstəlik, 2025-ci ildə investisiyaların məbləği rekord həddə - 1,5 milyard ABŞ dollarına çatıb", - o əlavə edib.

Son dörd ildə beşillik strategiya çərçivəsində EDB-nin əsas layihələri arasında Karaqanda İstilik Elektrik Mərkəzinin genişləndirilməsi və modernləşdirilməsi (EDB-nin iştirakı - 310 milyon ABŞ dolları), bərpa olunan enerji obyektlərinin tikintisi, o cümlədən 10 günəş və 3 külək elektrik stansiyası (bankın ümumi iştirakı - 450 milyon ABŞ dolları), həmçinin "KazAvtojol" milli şirkəti vasitəsilə avtomobil yollarının yenidən qurulması (bankın iştirakı - 200 milyon dollar) var.