Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan "Microsoft", səhiyyə sənayesi üçün əhəmiyyətli bir addım atıb.
İndex.az xəbər verir ki, "Microsoft" rəqəmsal patoloji şirkəti olan "Paige" ilə əməkdaşlıq edərək xərçəngin diaqnozunu qoya bilən süni intellekt hazırlamağı planlaşdırır.
Patologiya sahəsində uğurları ilə tanınan "Paige" "Microsoft"un qabaqcıl bulud hesablama infrastrukturundan istifadə edərək rəqəmsal patologiya və onkologiya üçün təsvirə əsaslanan süni intellekt modeli hazırlayacaq. Uğurlu olarsa, xərçəng diaqnozu üçün mühüm addım atılacaq.
"Paige" və "Microsoft" tərəfindən süni intellektlə bağlı planlaşdırılan bu layihə müvəffəqiyyət qazandıqdan sonra səhiyyə sənayesində inqilab edəcək.
Ən böyük təsvirə əsaslanan süni intellekt (AI) modelini yaratmağı hədəfləyən iki şirkət ümumi xərçəng növlərini və diaqnozu çətin olan xərçəng növlərini müəyyən edə biləcək.

AI modelində xərçəng növlərinin dörd milyona qədər rəqəmsal mikroskopik slaydları olacaq. "Paige" və "Microsoft"un press-relizinə görə, süni intellekt modeli misli görünməmiş miqdarda məlumat, o cümlədən milyardlarla şəkil üzərində öyrədilir.
Xərçəng diaqnozu adətən bir şüşə slaydda toxuma müayinə edən patoloqlar tərəfindən qoyulur. Mikroskop altında aparılan müayinələr zamanı ən xırda detalın belə qaçırılması diaqnozun səhv qoyulmasına səbəb ola bilər.
Tədqiqatçılar süni intellekt modelinin tibbi mütəxəssislərə bu cür bəlalarda kömək edəcəyini düşünürlər. Xərçənglərin daha erkən aşkar edilməsini asanlaşdıracağı və effektiv müalicə üsuluna keçəcəyi gözlənilir.
