Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10 milyard 115,5 milyon manat olub.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,6% çoxdur.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 7 milyard 675,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 %-ini təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 996,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 188,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
