"Azərbaycan Çin ilə münasibətlərinə əhəmiyyət verir".
Bu sözləri İndex.az-a müsahibəsində iqtisadçı ekspert Vüqar Oruc söyləyib.
Ekspert bildirib ki, Çin dövləti həm iqtisadi gücünə görə, həm də siyasi təsirinə görə dünyada lider dövlətlərdən biridir:

"Üçüncü dövlətlər vasitəsi ilə Çin məhsulları Azərbaycan bazarında geniş yer tutmağı bacarıb. Cənab prezidentin son səfəri zamanı imzalanmış əməkdaşlıq sazişi artıq bizim üçün yeni imkanlar açacaq. Bu imkanlardan biri Çinli turistlərin ölkəmizə rahat gələ bilməsidir. Qeyd edim ki, çinli vətəndaşların Azərbaycana marağı artıq ötən ildən artmaqda davam edir. Belə ki, 2024-cü ildə çinli turistlərdə 1,8% artım qeydə alınıb. Yeni saziş sayəsində bu rəqəmlərin daha da artacağını düşünürəm. Bu artım isə öz növbəsində ölkə iqtisadiyyatına müsbət təsir edəcək. Çinli turistlərin ölkəmizə maraq göstərməsi turizm sahəsindən əlavə digər sahələrə də öz təsirini göstərəcək. Belə ki, həm nəqliyyat sahəsi, həm iaşə obyektləri bu artımdan öz töhfəsini alacaq".
Vüqar Orucun sözlərinə görə, bu saziş investisiya sahəsinə də təsir göstərəcək:
"Ötən il Azərbaycan ilə Çin arasında 15 milyon dollarlıq investisiya dövriyyəsi olub. Yeni imzalanmış əməkdaşlıq sazişi və viza sisteminin aradan qaldırılması investisiya dövriyyəsinin artımına səbəb olacaq. Ölkəmizdə bir sıra cəlbedici investisiya sahələri var ki, yeni qərardan sonra Çinin bu sahələrə yönəlməsi ilə bağlı ehtimal böyüyür".
Ekspert qeyd edib ki, Azərbaycan Çinin timsalında çox ciddi iqtisadi partnyor əldə edə bilər:
"Çinin iqtisadi inkişafı, əhalisinin sayı, dünyanda iqtisadi proseslərə təsiri gücləndikcə, dünyada Çin dövlətinin mövqeyi də güclənəcək. Bu proses isə artıq qarşısı alınmaz bir hal alıb. Düşünürəm ki, Azərbaycan Çinin timsalında çox ciddi iqtisadi partnyor əldə edə bilər. Yəni artıq Çin ilə Azərbaycan arasında iqtisadi inkişaf üçüncü dövlətlərdən asılı olmayacaq. Birbaşa iki dövlət arasında iqtisadi əlaqələr qurulacaq və inkişaf etdiriləcək. Bu inkişaf isə Çindəki texnoloji yeniliklərin ölkəmizdə tətbiq olunmasına zəmin yaradacaq. Azərbaycanın iqtisadi əlaqələrinin artması ticarət dövriyyəsinin güclənməsinə, ölkəmizin siyasi arenada möhkəmlənməsinə və siyasi arenada tək qütblü yox, çox qütblü əlaqələrin inkişafına kömək olacaq".
