Bu ilin yanvar-avqust aylarında “AzerGold” qızıl və gümüşün satışından 93 milyon 486 min 352 manat gəlir əldə edib.

İndex.az “AzerGold”a istinadən xəbər verir ki, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 19 % azdır.

Bu ilin 8 ayında Səhmdar Cəmiyyəti qızılın satışından 89 milyon 999 min 896 min manat əldə edib ki, bu da illik müqayisədə 19 % azdır.

Cəmiyyət bu müddət ərzində gümüşün satışından 3 milyon 486 min 456 manat gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21 % azdır.

Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.