Bu ilin sentyabrın 1-nə “AzerGold” tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 49 milyon 202 min manata çatıb.

İndex.az “AzerGold”a istinadən xəbər verir ki, əldə edilən vəsaitin 1 milyard 6 milyon 40 min manatını ixrac gəlirləri, 43 milyon 162 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır.

Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.