Bu ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1 343,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 33,8% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 31,7%-i Rusiya, 17,7%-i Türkiyə, 7,5%-i İran, 4,9%-i Hindistan, 4,7 %-i Gürcüstan, 4,4 %-i Səudiyyə Ərəbistanı, 2,6%-i Qazaxıstan, 2,4 %-i Pakistan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,8%-i Özbəkistan, 1,6%-i İsrail, hər birindən 1,5% olmaqla Küveyt və Ukrayna, 1,4%-i Belarus, 1,2%-i Türkmənistan, 1,1%-i Böyük Britaniya, 11,9%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 69,9%-ni kişilər, 30,1%-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Türkmənistandan - 3,2 dəfə, Hindistandan - 2,4 dəfə, Özbəkistandan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Belarusdan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, İtaliyadan - 1,5 dəfə, ABŞ-dan - 39,5%, İsraildən - 39,2 %, Gürcüstandan - 32,9%, Böyük Britaniyadan - 27%, Küveytdən - 22,3%, Türkiyədən - 19,6%, Almaniyadan - 18,6%, BƏƏ-dən - 11,8%, Ukraynadan - 5,1%artıb.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 549,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,8% artaraq 67,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,2% azalaraq 228,4 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,9%-i hava, 26,7%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə etib.
