"Greenpeace"in araşdırması, Avropada qatarla səyahətin təyyarə alternativindən daha bahalı olduğunu ortaya qoydu.

İndex.az xəbər verir ki, Avropa səyahət marşrutu üzrə 112 təyyarə və qatarın qiymətlərinin müqayisəsi zamanı məlum olub ki, təyyarələr qatarlardan daha çox istixana qazı istehsal etsə də, insanlar təyyarə ilə səyahətə üstünlük verirlər.

Araşdırmanın hesabatında 112 marşrutdan yalnız 23-də qatarla gediş-gəlişin daha sərfəli olduğu bildirilib və qatarla səyahətin hava səyahətindən 71 faiz baha olduğu qeyd edilib.

Bildirilib ki, Polşada qatarla gediş-gəlişin qiyməti təyyarə alternativinin qiymətinin yarısıdır və qatarla səyahət üçün ən bahalı ölkə İngiltərədir.

Xəbərdə sərnişinlərin İngiltərədə qatar səfərləri üçün 4 qat daha çox pul ödədikləri, Barselonadan Londona qatarla gediş haqqının təxminən 384 avro olduğu, eyni marşrut üzrə uçuş qiymətlərinin isə 12,99 avroya endiyi bildirilib.

Avropada üçüncü ən çox üstünlük verilən qısa məsafəli marşrut olan London-Barselona reyslərində qatarlara üstünlük verən sərnişinlərin 461 min ton zərərli istixana qazının emissiyasının qarşısını alacağı qeyd edilib.

Avropada qatarla səyahətin birdən çox ölkədə bilet alınmasını tələb etdiyi üçün daha mürəkkəb olduğunu bildirən hesabatda səyahəti daha sərfəli və iqlimə uyğunlaşdırmaq üçün Avropa daxilindəki bütün ictimai nəqliyyat vasitələri üçün etibarlı biletin tətbiqi tələb olunur.