Sinqapur vətəndaşı olan 45 yaşlı Saridewi Djamani 2018-ci ildə 30 qram heroin qaçaqmalçılığına görə edam edilib.

İndex.az xəbər verir ki, Djamani ölkədə bu həftə sinqapurlu Mohd Aziz bin Hüseyndən sonra edam edilən ikinci, 2022-ci ilin martından bəri isə 15-ci narkotik məhkumu oldu.

Sinqapurda cəmiyyəti qorumaq üçün dünyanın ən sərt anti-narkotik qanunları var. Sinqapur Narkotiklərlə Mübarizə Mərkəzi Bürosu (CNB) tərəfindən edilən açıqlamada, Saridevinin 6 iyul 2018-ci ildə edam cəzasına məhkum edildiyi və bütün hüquqi prosesin tamamlandığı açıqlandı.

Keçən il oktyabrın 6-da Sinqapurun ən yüksək məhkəməsi Saridevinin hökmünə qarşı şikayəti rədd etdi. O da bildirilib ki, prezidentin əfvlə bağlı müraciəti nəticəsiz qalıb. Daha bir sinqapurlu mobil telefon vasitəsilə 1 kq marixuananın satışını koordinasiya etdiyinə görə edam edilib.

Narkotik cinayətlərinə dair sərt qanunların Sinqapuru dünyanın ən təhlükəsiz yerlərindən biri kimi saxlamağa və geniş ictimai dəstək almağa kömək etdiyi deyilir.