Uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxmalar qeydə alınır.
Bu səbəbdən uşaqlarını xəstəxanaya gətirənlər var.
Index.az-ın məlumatına görə, həkimlər deyir ki, yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara yoluxmuş şəxslərlə təmasdan çəkinmək, əlləri tez-tez yumaq, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, xəstəlik əlamətləri müşahidə edildikdə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur.
Həkim-pediatr Gülnarə İlyasova deyir ki, bəzən valideynlər suçiçəyinə yoluxmuş uşaqlara ev şəraitində antibiotik verirlər. Amma həkim məsləhəti olmadan bunu etmək isə qəti şəkildə qadağandır.
Səhiyyə Nazirliyindən bildirildi ki, hazırda suçiçəyi xəstəliyinə kütləvi yoluxma müşahidə edilmir. Qızılca xəstəliyinə qarşı isə həm planlı peyvəndləmə, həm də əvvəlki dövrlərdə peyvənddən kənarda qalmış uşaqlar və böyük yaşlı əhali arasında tibb müəssisələrində immunizasiya tədbirləri həyata keçirilir. Aparılan tədbirlər nəticəsində son aylarda respublika üzrə qızılca xəstəliyinin qeydə alınması müşahidə olunmur. Ümumilikdə, respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və daim nəzarət altında saxlanılır.
