Bu ilin yanvar ayında Gürcüstanda aylıq inflyasiya 1,2 %, illik inflyasiya isə 4,8 % təşkil edib.

İndex.az bu barədə Gürcüstanın Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbər verir.

Hesabatda bildirilir ki, əsas inflyasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 %, tütün məhsulları istisna olmaqla əsas inflyasiya isə 2,1 % səviyyəsində qeydə alınıb.

Yanvar ayında qiymət artımına ən çox qida və alkoqolsuz içkilər qrupu təsir göstərib. Bu qrup üzrə qiymətlər 2,9 % artıb və aylıq inflyasiyaya 0,96 % bəndi töhfə verib. Ərzaq məhsulları arasında xüsusilə tərəvəz və meyvə, süd məhsulları, ət, balıq və şəkərli məhsullarda bahalaşma müşahidə olunub. Bununla yanaşı, mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələrin qiymətləri 0,5 % azalıb.

Səhiyyə sahəsində qiymətlər 2,4 % artıb. Bu artım əsasən tibbi məhsullar və avadanlıqlar hesabına formalaşıb. Müxtəlif mal və xidmətlər qrupunda isə qiymət artımı 2,9 % olub. Burada sığorta, maliyyə xidmətləri və şəxsi gigiyena vasitələrində bahalaşma qeydə alınıb.

Eyni zamanda, geyim və ayaqqabı qrupunda qiymətlər 4,3 % ucuzlaşıb, bu da aylıq inflyasiyaya mənfi təsir göstərib.

Ümumilikdə, hesabata əsasən, yanvarda Gürcüstanda inflyasiya əsasən ərzaq və xidmət sektorlarında qiymət artımı hesabına formalaşıb.