Azərbaycanda son 2 ildə bankların əmanət portfeli 30 % və ya 3,7 milyard manat artıb.

İndex.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev bildirib.

Baş direktor qeyd edib ki, əhalinin banklarda olan əmanətlərinin həcmində də davamlı artım müşahidə olunur: "Son 2 ildə bankların əmanət portfeli 30 % və ya 3,7 milyard manat artaraq 16,3 milyard manat təşkil edib. Sevindirici haldır ki, əmanətlərin mütləq artımı ilə yanaşı, yeni əmanətçilərin sayında da müsbət dinamika müşahidə olunur. Nəticədə, 2025-ci ildə müvafiq göstərici 29 % və ya 43,6 min nəfər artaraq 194,1 min nəfərə çatıb. Bank sektoruna artan inamın mühüm göstəricilərindən biri də dollarlaşma meyillərinin azalmasıdır. Qeyd edək ki, 2025-ci ilin sonuna bankların kredit və fiziki şəxslərin əmanət portfellərinin dollarlaşması müvafiq olaraq 14,2 % və 31,5 % olmaqla, tarixi minimum göstərici səviyyəsindədir".

Onun sözlərinə görə, 2025-ci ilin sonuna bank sektoru üzrə kapital adekvatlığı göstəricisi minimum requlyativ normativi 2 dəfəyə yaxın üstələyir ki, bu da sektorun yaxşı kapitallaşması deməkdir: "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nın ötən 2 ili (2024-cü və 2025-ci il) ərzində bankların aktivləri 16 %-dən çox artaraq 57 milyard manatı üstələyib. Bankların aktivlərinin ÜDM-ə nisbəti cari strateji dövrdə 4 faiz bəndindən çox artaraq 44 %-i keçib. Sektorun kredit portfeli son 2 ildə 30 % artaraq 30 milyard manatı üstələyib. Bankların biznes kreditlərinin ümumi həcmi 2004–2025-ci illər ərzində 28 % artaraq 16,1 milyard manatı ötüb".