Səudiyyə Ərəbistanı əsgərlərinin Yəmənlə sərhədi keçməyə çalışan yüzlərlə efiopiyalı miqrantı atəşə tutduğu bildirilir.

İndex.az xəbər verir ki, "Human Rights Watch" Mərkəzi Səudiyyə Ərəbistanı sərhəd qoşunlarının Yəməndən keçməyə çalışan yüzlərlə efiopiyalıya pulemyot və hava toplarından atəş açdığını və yüzlərlə silahsız miqrantın ölə biləcəyini bildirib.

İnsan haqları qrupu əsgərlərin hücumları ilə bağlı şahidlərin məlumatlarına və miqrant yolları boyunca cəsədləri və qəbiristanlıqları əks etdirən görüntülərə istinad edərək, ölənlərin sayının minlərlə ola biləcəyini bildirib.

Efiopiyanın şimalındakı Tiqray bölgəsində iki ildir davam edən vətəndaş müharibəsi səbəbindən on minlərlə insan ölkəni tərk edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 750 minə yaxın efiopiyalı yaşayır. Beynəlxalq Miqrasiya Təşkilatının 2022-ci il statistikasına görə, 450 minə yaxın insanın Səudiyyə Ərəbistanı Krallığına icazəsiz daxil olduğu düşünülür.