“Wolt” şirkəti öz fəaliyyətini davam etdirir.
İndex.az xəbər verir ki, bu barədə “Wolt” şirkəti dünən şirkətin bağlanılması ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirərkən bildirib.
“Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən irəli sürülən iddialara gəldikdə isə “Wolt” öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib”, deyə şirkətin açıqlamasında bildirilib.
Qeyd edilib ki, AQTA tərəfindən VOLT AZƏRBAYCAN MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur: “Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”.
