“WhatsApp” messencerinin tərtibatçıları QR kodundan istifadə etməklə söhbət tarixçəsini köhnə telefondan yeni telefona köçürməyin yeni və daha sürətli yolunu tapıblar.

İndex.az xəbbər verir ki, bu barədə “TechCrunch” nəşri məlumat yayıb.

Mütəxəssislərdən biri qeyd edib ki, eyni əməliyyat sisteminə malik başqa telefona keçən istifadəçilər yerli Wi-Fi bağlantısından istifadə edərək “WhatsApp” məlumatlarını ötürə biləcəklər.

Bu üsul smartfonda və ya bulud yaddaşında məlumatların ehtiyat nüsxəsini tələb etmir. Söhbət tarixçəsini ötürmək üçün hər iki cihazın aktiv olduğundan və eyni Wi-Fi şəbəkəsinə qoşulduğundan əmin olmaq lazımdır.

Sonra telefon sahibi messencer parametrlərinə keçməli, "Söhbətlər" bölməsini, "Söhbətləri köçürmək" maddəsini seçməlidir. Prosesi başa çatdırmaq üçün yeni smartfonun kamerasından istifadə edərək QR kodunu skan etməli olacaq.

“WhatsApp” əmindir ki, yeni metod üçüncü tərəf həllərindən daha təhlükəsizdir. Çünki məlumatlar cihazların özlərində şifrələnir və mübadilə yalnız yerli şəbəkədə onlar arasında aparılır.

Messenger əvvəllər eyni mobil əməliyyat sistemi ilə smartfonlar arasında məlumat ötürmək üçün bulud yaddaşından istifadə etməyi təklif edirdi.