Venesiya Bələdiyyəsindən verilən yazılı açıqlamaya görə, bələdiyyə rəhbərliyi şəhərdəki turist sıxlığının qarşısını almaq üçün 2024-cü ildə turist sayının ən yüksək olacağı günlərdə ziyarətçilərdən giriş haqqı tələb edəcək.
Index.az xəbər verir ki, sınaq il boyu 30 ayrı gündə keçiriləcək və giriş haqqı 5 avro olacaq.
Şəhər sakinləri, işçilər, tələbələr, 14 yaşdan kiçik uşaqlar və idman tədbirlərinə gələnlər bu qanundan azad ediləcəklər. Bələdiyyə rəhbərliyi tərəfindən bələdiyyə şurasına göndərilən qərar təsdiq olunmaq üçün sentyabrın 12-də müzakirəyə çıxarılacaq. Venesiya Bələdiyyə Başçısı Luigi Brugnaro, yeni tətbiqin şəhərin bağlanması demək olmadığını, müəyyən dövrlərdə turist sıxlığını tənzimləmələri lazım olduğunu söylədi.
Əvvəlki illərdə Venesiyada oxşar təcrübələr gündəmə gətirilsə də, müxtəlif səbəblərdən həyata keçirilə bilmədi.
Qeyd edək ki, kanallar üzərində qurulmuş tarixi quruluşu ilə Venesiya hər il milyonlarla turisti qəbul edir.
