Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” şirkəti ABŞ-ın Kentukki ştatındakı flaqman zavoduna daha 1,3 milyard dollar sərmayə qoyacaq.

İndex.az xəbər verir ki, bu barədə şirkətin ABŞ bölməsinin məlumatında deyilir.

Məlumata əsasən, bununla da müəssisəyə qoyulan ümumi investisiya təxminən 10 milyard dollar təşkil edəcək.

Yeni investisiyalar nəqliyyatın elektrikləşdirilməsi sahəsində inkişafa yönəlib və xüsusilə ABŞ bazarı üçün yeni, tam elektriklə işləyən yolsuzluq avtomobilləri (SUV) modellərinin yığılmasını təmin edəcək. Bundan əlavə, zavodda akkumulyatorların yığılması xətti olacaq.

Xatırladaq ki, 2021-ci ildən bəri “Toyota” nəqliyyatın elektrikləşdirilməsi ilə bağlı ABŞ-ın istehsal müəssisələrinə 17 milyard dollar sərmayə qoyduğunu elan edib.