Yaponiyanın “Toyota Motor” şirkəti 2026-cı ilə qədər Avropada minik avtomobillərindən tutmuş yüngül yük maşınlarına qədər 15 ədəd sıfır emissiyalı avtomobil modelini təqdim edəcək.
İndex.az şirkətin yaydığı məlumata istinadən bildirib ki, həmin vaxta qədər “Toyota” elektromobillərinin Avropada satışının illik 250 min ədədi keçəcəyi və belə avtomobillərin ümumi satışlarda payının 20%-i keçəcəyi gözlənilir.
Hazırda elektrikləşdirilmiş avtomobillər (hibridlər, plugin hibridlər və yanacaq elementli avtomobillər daxil olmaqla) Avropa regionunda bütün “Toyota” satışlarının 71%-ni təşkil edir. Şirkət bu payın 2024-cü ildə 75%-ə qədər artacağını gözləyir.
“Toyota” qeyd edir ki, gələcəkdə elektrikləşdirilmiş avtomobillərin payı əsasən elektrik avtomobilləri sayəsində artmağa davam edəcək.
“Şirkət infrastruktur inkişaf etdikcə və yaşıl hidrogen əldə olunduqca, Avropanın avtomobil sektorunun karbonsızlaşdirilmasında hidrogen yanacaq elementli nəqliyyat vasitələrinin unikal roluna arxayın olaraq qalır”, deyə “Toyota Motor Europe” şirkətinin baş direktoru Yoşihiro Nakata bildirib.
“Toyota” şirkəti gözləyir ki, yüngül yük maşınlarının Avropada satışları 2023-cü ildə 20%-dən çox artaraq 140 mini keçəcək. Yapon avtomobil istehsalçısı 2040-cı ilə qədər Avropadakı fəaliyyətini karbon neytrallaşdırmağı hədəfləyir.
