Bu ilin birinci yarısında təbii fəlakətlərlə bağlı qlobal sığorta tələbləri təxminən 50 milyard dollar təşkil edib.
İndex.az-ın xəbərinə görə, “Financial Times” nəşri yazır ki, bu barədə İsveçrə təkrarsığorta şirkətinin tədqiqat qolu olan “Swiss Re İnstitut”unun hesablamalarında deyilir.
Nəşr qeyd edir ki, bu göstərici 2011-ci ildən bəri ən böyük göstərici olub.
“Swiss Re” ekspertləri bunu həm sığortalanmış əmlakların sayının sürətli artımı, həm də qlobal istiləşmənin təsiri ilə əlaqələndirirlər.
İlin birinci yarısında tələblərin təxminən üçdə ikisi ABŞ-da güclü yağışlar, güclü küləklər və kəskin temperatur dəyişiklikləri ilə xarakterizə olunan fırtınaların təsiri ilə bağlıdır. “Swiss Re” qeyd edir ki, bu cür təbii fəlakətlər sığortalanmış itkilərin "əsas qlobal drayverlərindən birinə" çevrilib.
Bu ilin birinci yarısında sığorta sənayesi üçün baha başa gələn digər hadisələrə Yeni Zelandiya və Avropada baş verən daşqınlar daxildir.
