Süni intellektin kibertəhlükəsizlik sahəsində yarada biləcəyi zəifliklər tədqiqatçıları qorxudur.
İndex.az xəbər verir ki, ABŞ-da aparılan son araşdırma göstərdi ki, süni intellekt klaviaturadakı əsas səsləri dinləməklə parolları demək olar ki, 100 faiz dəqiqliklə təxmin edə bilir.
Kornell Universitetinin yeni araşdırması süni intellektin düymələri basmaqla edə biləcəyi proqnozları nəzərdən keçirir. Hakerlərin süni intellektdən istifadə edərək həyata keçirəcəkləri parol hücumunun 95 faiz doğru təxminlər edə biləcəyi ifadə edilib.
Tədqiqatçılar modelin "Zoom" zəngləri və "Skype" danışıqları kimi səs-küylü vəziyyətlərdə belə 90 faizdən çox dəqiq olduğunu söylədi. 
Tədqiqatçıların açıqlamasına görə, süni intellekt klaviaturadakı düymələrin vuruşlarını müəyyən etmək üçün düymələrin basılması və mikrofona gələn səs dalğası arasındakı vaxtdan istifadə edib. Bu o deməkdir ki, hətta səssiz klaviaturalar da haker hücumuna məruz qalır.
Tədqiqatın nəticələri şəxsi məlumatların məxfiliyi baxımından narahatlıq doğurur. Səs dinləmək üçün hakerlər tərəfindən hazırlanacaq proqramlar süni intellektin köməyi ilə milyonlarla istifadəçinin parollarını təhlükəyə ata bilər.
Mütəxəssislər isə riski azaltmaq üçün parol menecerlərindən və barmaq izləri kimi biometrik autentifikasiya üsullarından istifadə etməyi tövsiyə edirlər.
