Dünya üzrə şokolad istehsalçıları kakaonun qiymətlərində rekord artımla üzləşirlər.
İndex.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu, onları müxtəlif hiylələrə əl atmağa məcbur edir.
Belə ki, rəqiblərinin istehsalından üçdə iki dəfə yüngül olan və qoz-fındıq dadlı şokolad batonları Böyük Britaniyada satışa çıxarılıb. İstehsalçılar ənənəvi şokolad əvəzinə fıstıq yağı və karameldən daha çox istifadə edirlər, şirniyyatlarda onların tərkibini artırırlar.
Mütəxəssislər kakaonun qiymətlərinin yaxın gələcəkdə yüksək qalacağına inanırlar.
Fevralın əvvəlində kakaonun qiymətləri 46 ildə rekord səviyyəyə qalxıb. London birjasında kakaonun 1 tonunun dəyəri 5009 dollara çatıb. Kəskin artıma səbəb kakao yetişdirən əsas bölgələrdən biri olan Qərbi Afrikada məhsul çatışmazlığı olub.
