“Samsung” şirkəti yeni nəsil qatlana bilən smartfonları planlaşdırıldığından daha tez təqdim edəcək.

İndex.az xəbər verir ki, bu barədə “SamMobile” portalının məlumatında deyilir.

Məlumata görə, Cənubi Koreya istehsalçısı ənənəvi olaraq avqust ayında “Galaxy Z” seriyalı cihazları nümayiş etdirir. Lakin bu yay təqdimat iyulda baş tutacaq.

Mənbənin sözlərinə görə, “Galaxy Z Flip5” və “Galaxy Z Fold5” qatlanan qadcetlərinin rəsmi elanı iyulun 26-na planlaşdırılır. Təqdimat Cənubi Koreyanın paytaxtı Seulda baş tutacaq.

Yeni cihazların satışının başlanğıcı avqustun 11-də açıla bilər. İlkin məlumatlara görə, “Samsung” yarımkeçirici bölməsinin aşağı satışını kompensasiya etmək üçün daha əvvəl təqdimat keçirmək qərarına gəlib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, yeni nəsil qatlanan smartfonların uğurlu satışı üçüncü rübün maliyyə göstəricilərinə düzəliş edə bilər.