Rusiya Braziliyaya "Vaqner" Özəl Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinin ölümünü araşdırmağa icazə verməkdən imtina edib.

İndex.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatında Priqojinin təyyarəsi Braziliya şirkəti tərəfindən istehsal edildiyi üçün bu ölkənin Rusiyanı qəzanı birgə araşdırmağa dəvət etdiyi bildirilib. Qeyd olunub ki, Moskva dəlilləri təkbaşına araşdırmaq qərarına gəlib.

“Rusiya indiki məqamda “Vaqner” şirkətinin yaradıcısı Yevgeni Priqojinin biznes-jetinin qəzaya uğraması ilə bağlı vəziyyətin beynəlxalq standartlara uyğun olaraq araşdırılmaması ilə bağlı qərarı barədə Braziliya Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzini (CENIPA) məlumatlandırıb", deyə “Reuters“ CENIPA-ya istinadən yazıb.

Bundan əvvəl CENIPA uçuşların təhlükəsizliyini artırmaq üçün Moskvanın dəvət edəcəyi təqdirdə qəzanın təhqiqatına qoşulmağa hazır olduğunu və təhqiqatın beynəlxalq qaydalara uyğun aparılacağını bildirib.

CENIPA-nın rəhbəri Marselo Moreno bildirib ki, Rusiya tərəfi razılaşmağa məcbur deyil, onlara bunu etmək tövsiyə olunur. O, iştirakın məsafədən ola biləcəyini bildirib.

Qeyd edək ki, Priqojinin təyyarəsi hərbi qiyam cəhdindən iki ay sonra avqustun 23-ü axşam Tver vilayətində qəzaya uğrayıb. Moskvadan Sankt-Peterburqa uçan təyyarədə olan on nəfərin hamısı həlak olub. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, sərnişinlər siyahısına Priqojin, Vaqnerin komandiri Dmitri Utkin, bir neçə Vaqner döyüşçüsü, Priqojinin strukturları ilə əlaqəli Neva QSC-nin baş direktoru Valeri Çekalov və üç ekipaj üzvü daxil olub.

Təyyarənin qəzaya uğraması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263 (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.

Rusiya prezidenti Vladimir Putin təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib, Priqojini 1990-cı illərin əvvəllərindən tanıdığını bildirib və onu istedadlı insan və çətin taleyi olan və ciddi səhvlərə yol verən iş adamı adlandırıb.