"Renault" beynəlxalq bazarlar üçün yeni krossover təqdim etməyə hazırlaşır.

İndex.az xəbər verir ki, "Renault Kardian" adlanacaq model oktyabrın 5-də Rio-de-Janeyroda debüt edəcək.

"Renault Kardian", "Renault Duster"dən kiçik olan B sinifli kompakt yolsuzluq avtomobili olacaq. Avtomobil əvvəlcə Latın Amerikası bazarında, daha sonra isə digər regionlarda satışa çıxarılacaq. O, "Renault"un yeni model ailəsinin Avropadan kənar bazarlar üçün ilk nümayəndəsi olacaq.

Avtomobil idman cizgiləri, qabarıq arxa qapısı, aşağı formalı arxa fənərləri və əsas kuzovun rənginə zidd olan tavan hissəsi ilə seçilir.

Aydındır ki, "Renault" dizaynerləri uğurlu "Captur" imicindən istifadə etməyə davam edirlər.

Fransız avtomobil istehsalçısı SUV modellərini "K" hərfi ilə adlandırmaq ənənəsini davam etdirir (Koleos, Kadjar, Kwid və Kiger). "Renault Kardian"ın mühərrik variantları haqqında hələlik heç bir təfərrüat yoxdur. Avtomobilin texniki göstəricilərini və qiymətini oktyabrın 25-də keçiriləcək tədbirdə öyrənəcəyik.