Çin bankları 2023-cü ildə güclü aktiv artımı nümayiş etdirib.
İndex.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bunu Çinin Maliyyə Nəzarəti üzrə Dövlət Administrasiyasının rəsmi nümayəndəsi Lyu Çjitsin (Liu Zhiqing) bildirib.
Onun sözlərinə görə, aktivlərin həcmi 9,9% artaraq ötən ilin sonunda 417,3 trilyon yuan (58,7 trilyon dollar) təşkil edib.
Eyni zamanda, bu aktivlərin keyfiyyətinin stabil olduğunu qeyd edən məmur kommersiya banklarının “etibarsız” kreditlərinin payının 1,62% təşkil etdiyini bildirib.
2022-ci ilin sonunda bu rəqəm 1,63%, 2021-ci ilin sonunda 1,73% təşkil edib.
İlkin məlumatlara görə, ölkənin kommersiya bankları 2023-cü ildə 2,38 trilyon yuan məcmu xalis mənfəət əldə edib ki, bu da bir il əvvəllə müqayisədə 3,2% çoxdur. O bildirib ki, ehtiyatın əhatə dairəsi kifayət qədər yüksək səviyyədə - 205% olub.
