Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 3 milyard 348 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
İndex.az ARDNF-ə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 1 milyard 523 milyon ABŞ dolları və yaxud 31,3 % azdır.
Xatırladaq ki, 2022-ci ilin yanvar-may ayları ərzində ARDNF AÇG-dən 4 milyard 871 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu ilin yanvar-iyun aylarında ARDNF-in “Şahdəniz” yatağından isə 1 milyard 002 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Bu, 2022-ci ilin eyni ayları ilə müqayisədə 368,744 milyon ABŞ dolları və ya 58,2 % çoxdur.
Bu ilin ilk yarım ilində Neft Fonduna daxil olan vəsaitlərin 210,851 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin 6 aylıq dövrü ilə müqayisədə 8,506 milyon ABŞ dolları və ya 3,9 % azdır.
Xatırladaq ki, ötən ilin ilki 6 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 633,256 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 219,357 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).
