Azərbaycanda tender keçirilməsi və nəticələri ilə bağlı tez-tez narazılıqlar baş verir.
İndex.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc da qanunsuz satınalmalar məsələsinə toxunub.
O, iş adamı Ramil Qasımzadənin qanunsuz əməllərini sərt şəkildə tənqid edib və dəfələrlə arxasında müəyyən qüvvələrin olduğunu, hər hansı bir etiraz olduğu halda yerindəcə susdurulacağını bəyan etdiyini deyib:
“Hal-hazırda cəmiyyətə daxil olan 60-a yaxın şirkət sıralarımızdan xaric olunan Ramil Qasımzadənin tender monopoliyasından kəskin şəkildə narazıdır. Onun atdığı qanunsuz addımlar Cəmiyyətdə böyük narazılıqla qarşılanır. Bu mövzuda adiyyatı qurumların da bizim qədər narahat olmasını gözləyirik. Bir neçə gün öncə Satınalmalar üzrə Dövlət Agentliyinin rəhbəri ilə görüşdüm. Agentliyin rəhbərliyi məni inandırdı ki, portala və sistemə hər hansı bir müdaxilə mümkün deyil. Bu ölkəmizin müvafiq strukturları tərəfindən qorunur.

Mən təklif edirəm ki, həm dövlət qurumları, həm də hüquq mühafizə orqanları tərəfindən Ramil Qasımzadə və onun rəhbərlik etdiyi 7 şirkət barədə korrupsiya hallarının və monopoliyanın qarşısının alınması məqsədi ilə araşdırma başlanılsın. Biz bu adamı sertifikatdan məhrum etdiyimiz, şirkətləri cəmiyyətdən xaric etdiyimiz, Ramil Qasımzadənin əməlləri ilə bağlı ictimaiyyəti məlumatlandırdığımız, onun rəhbərlik etdiyi 7 şirkəti qara siyahıya əlavə etdiyimiz, Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş tenderdə adı məlum şəxsin tərəfindən saxtakarlıq olunması və sənəd saxtalaşdırılmasının həyata keçirilməsi faktı təsdiqləndiyi, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Antiinhisar xidmətinə məktub ünvanlandığı və Antiinhisar Xidmətinin hüquq mühafizə orqanlarına müraciət edilməsinə etiraz etmədiyi halda, necə olur ki, hüquq mühafizə orqanlarına bu etiraz çatmır? Necə olur ki, hüquq mühafizə orqanları bu etiraza reaksiya vermir? Bütün bunlar araşdırılmalıdır.
Son sualım da ondan ibarətdir ki, necə olur ki, bu qədər ictimaiyyətdə məlumatlandırma aparıldıqdan sonra və Qasımzadənin qanunsuz əməlləri ilə bağlı etirazlar müvafiq dövlət qurumlarına çatdırıldıqdan sonra ölkədə 5 tender keçirilir, 5 qiymətləndirmə tenderinin 4-də sözügedən şəxsin şirkətləri qalib gəlir? Dırnaqarası qalibiyyətdən söhbət gedir. Və hətta onun birində Naxçıvan Muxtar Respublikasında bizim cəmiyyətə daxil olan “Real Price” şirkəti qalib gəldiyi halda qanunsuz olaraq “Real Price” kənarlaşdırılır və məhz Ramil Qasımzadənin şirkətinə tender verilir. Bütün bunlar açıq-aydın Ramil Qasımzadənin sövdələşməyə getməsinin sübutudur. Hüquq mühafizə orqanları bu məsələni araşdırsın və müvafiq informasiya əldə etsin. Çünki, mən dövlət satınalmaları başda olmaqla digər dövlət qurumlarını başa düşürəm, çünki onlar hüquq müafizə orqanı deyil. Onların müvafiq addımlar atma səlahiyyəti yoxdur. Sadəcə prosesin özünə nəzarət edirlər".
Xəbərin davamını oxuya bilərsiniz.
