Tarixin ən yaxşı futbolçularından biri Lionel Messi iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi ilə mübarizə aparmaq qərarına gəlib.

İndex.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.

Jurnalın yazdığına görə, idmançı “Join the Planet” fondu və ekoloji cəhətdən təmiz məhsullar istehsal edən “Karün” brendi ilə əməkdaşlıq edəcək.

Şirkətlər Messi ilə birlikdə yeni futbol butsları kolleksiyasını istehsal edəcəklər. Onlar dünya okeanının sularına atılan balıq torlarından, qapaqlardan, butulkalardan və saplardan hazırlanacaq. Model üçün materiallar bütün planetdə - Latın Amerikası, Asiya və Afrikada toplanacaq.

Yeni idman ayaqqabılarının satışına mart ayında başlanılacaq. Toplanan vəsait Argentinada Parana çayının bərpasına sərf olunacaq. Bu çay Messinin doğma şəhəri - Rosario yaxınlığından axır.