Yeni nəsil “Haval H5” yolsuzluq avtomobili Çində təqdim olunub.

İndexaz xəbər verir ki, bu barədə autohome.com.cn nəşri məlumat yayıb.

Bildirilib ki, avtomobilin əsas versiyasının qiyməti 150 min yuan təşkil edəcək.

Avtomobilin uzunluğu 5 190 mm, təkər bazası 3 140 mm-dir. Oturacaqlar qatlanmış halda baqajın həcmi 2 116 litrdir.

Yolsuzluq avtomobili LED faralar, reylinqli dam örtüyü, iki düzbucaqlı egzoz borusu ilə təchiz edilib. Müxtəlif funksiyaları idarə etmək üçün “Haval H5”in salonunda 10,25 düymlük monitor quraşdırılıb.

Çində yeni “Haval H5” yolsuzluq avtomobili iki litrlik mühərriklə təklif olunacaq. Birincisi 218 at gücünə malik benzin mühərrikidir. İkincisi 166 at gücünə malik dizel aqreqatıdır. Sürət qutuları - mexaniki və səkkiz pilləli avtomatik olacaq. Ötürücüsü isə arxa və ya tam ötürücülü ola bilər.