Bu il aprelin 1-nə Gürcüstanın dövlət borcu 8,552 milyard dollar təşkil edib ki, bu da 2022-ci il aprelin 1-i ilə müqayisədə 730 milyon dollar (9,3%) çoxdur.

İndex.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, 2023-cü il yanvarın 1-nə Gürcüstanın dövlət borcu 8,35 milyard dollar olub. Beləliklə, üç ayda ölkənin dövlət borcu 200 milyon dollar və ya 2,4% artıb.

Aprelin 1-nə Gürcüstanın ən böyük kreditorları bunlardır: Asiya İnkişaf Bankı (AİB) - 2,123 milyard dollar, Dünya Bankı Qrupu (DB) - 1,99 milyard dollar, Avropa İnvestisiya Bankı (AİB) - 1,012 milyard dollar.

Bu ilin birinci rübü üzrə büdcənin icrası hesabatına əsasən, Gürcüstan hökuməti bu müddət ərzində xarici borcun xidmətinə 313 milyon lari (125 milyon dollar) xərcləyib. Bu məbləğin 261 milyon lari (104,4 milyon dollar) əsas borcun ödənilməsinə, 52 milyon lari (20,8 milyon dollar) faizlərə yönəldilib. Ən böyük məbləğ - 128,7 milyon lari (51,5 milyon dollar) Asiya İnkişaf Bankına ödənilib.