Gürcüstan Rusiyaya avtomobillərin tədarükünü dayandırıb.
İndex.az xəbər verir ki, bu barədə “VPost” nəşri məlumat yayıb.
Bildirilib ki, hazırda sərhədçilər Yuxarı Lars keçid məntəqəsindən Rusiya Federasiyasına heç bir avtomobil buraxmırlar.
Gürcüstan avqustun 1-dən mühərrikinin həcmi 1,9 litr və daha çox olan ABŞ avtomobillərinin, həmçinin hibridlərin və elektromobillərin ixracını məhdudlaşdırıb. Avropa avtomobillərinə qoyulan qadağa sentyabrın 26-da qüvvəyə minməli olsa da, artıq qüvvədədir. Ermənistandan reeksport avtomobillərinə də icazə verilmir.
Məlumatda qeyd olunur ki, Rusiyaya minik avtomobillərinin ixracı Gürcüstan üçün xarici iqtisadi fəaliyyətin mühüm elementi olub. 2023-cü ilin birinci yarısında Rusiyaya 53 milyon dollar dəyərində 3,8 min avtomobil daşınıb ki, bu da bir il əvvəlkindən 3,7 dəfə çoxdur.
Eyni zamanda, iyulda hər altıncı işlənmiş avtomobil və yeni avtomobillərin demək olar ki, 2%-i Ermənistandan gətirilib.
