Fransada məktəblər çadraya bənzər uzun əba geyinənlərə qadağa qoymağı planlaşdırır.
İndex.az xəbər verir ki, uzun əba əsasən Şimali Afrika, Ərəbistan yarımadası, İran və Misir kimi ölkələrdə müsəlmanların geydiyi çiyinlərdən topuqlara qədər bədəni örtən qadın geyimidir.
Din və dövlət işlərinin ciddi şəkildə ayrıldığı dünyəvi ölkə olan Fransada son vaxtlar bu geyimlərin dini xarakter daşıdığı üçün məktəblərdə qadağan olunması ilə bağlı müzakirələr gedir.
Fransanın Təhsil Naziri Qabriel Attal dünən axşam TF1 kanalında verdiyi açıqlamada, "Artıq uzun əbaya icazə verməyəcəyik" dedi.
Fransada 1994-cü ildə qəbul edilən qanuna əsasən məktəblərdə dini simvolların gözə dəyməyən şəkildə görünməsinə icazə verilib. 10 il sonra məktəblərdə hicab tamamilə qadağan edildi. Lakin kipa və xaç qadağaya daxil edilməyib. 2010-cu ildə Fransada ictimai yerlərdə üzü örtmək qadağan edilib. Hesablamalara görə, 67 milyon əhalisi olan Fransada 3,5-6 milyon müsəlman yaşayır.
