“Azotaqlı mənzillərə tələbatın yüksək olması qiymətlərin artımına səbəb olur”

İndex.az xəbər verir ki, bu sözləri News365.az saytına açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Ekspert bildirir ki, tələbatı nəzərə alan tikinti şirkətləri bir-iki otaqlı mənzillərin tikintisinə üstünlük verir:

“Kirayə mənzillərə tələb yüksəkdir. Lakin kirayə mənzil portfeli kəskin şəkildə azalıb. Şəhərsalma infrastrukturunun yenilənməsi ilə əlaqədar olaraq kirayə mənzil portfelini təşkil edən subyektlər sökülür. Kirayə qiymətləri artıqca insanlar daha az sayda otağı olan mənzillərə üstünlük verirlər. Tələbatın çox olduğu yerlərdə mülk sahibləri birotaqlı mənzilləri ikiotaqlı mənzilə çevirib daha baha qiymətə təklif edirlər. Otaq sayı az olan mənzillərin kreditlə satışına daha çox üstünlük verilir. Bütün bu məqamlara diqqət edən tikinti şirkətləri gec satılan 4-5 otaqlı mənzillər yerinə layihələrində 1 və ya 2 otaqlı mənzillərə üstünlük verirlər”.