Dünyanın ən böyük onlayn auksionu “eBay Inc.” şirkəti minə yaxın iş yerini, yəni işçilərinin 9%-ni ixtisar edəcək.
İndex.az bildirir ki, bu barədə “Market Watch” “eBay” rəhbərliyinin işçilərə müraciətinə istinadən xəbər verir.
“eBay”ın baş icraçı direktoru Ceymi İannone verdiyi açıqlamada bildirib ki, ümumi işçi sayı və xərclər şirkətin biznes artımını üstələyir: “Bunu həll etmək üçün biz müəyyən komandaları birləşdirəcək təşkilati dəyişikliklər edirik".
C.İannonenin sözlərinə görə, dəyişikliklər şirkətə daha çevik olmağa və qərarların qəbulu prosesini sürətləndirməyə imkan verəcək.
2022-ci ilin sonunda “eBay” işçilərinin sayı 11,6 min nəfər olub.
Xatırladaq ki, 2024-cü ilin əvvəlində bir neçə texnologiya şirkəti, o cümlədən “Amazon.com Inc.”, “Alphabet Inc.” və Almaniyanın “SAP SE” şirkətləri iş yerlərini ixtisar etdiyini açıqlayıb.
