Cənubi Amerika gəmiçilik şirkəti "Buquebus" üçün inşa edilən 130 metrlik elektrik bərə 2025-ci ildən Argentina və Uruqvay arasında xidmət göstərəcək.

İndex.az xəbər verir ki, "İncat Hull 096" adlanan elektrik gəmisi 2100 sərnişin və 225 nəqliyyat vasitəsi tutumuna malik olacaq.

Gəminin 2000 kvadratmetrdən böyük ticarət mərkəzi də olacaq.

Cənubi Amerikada istifadə edilmək üçün Avstraliyada inşa edilən elektrik gəmisinin hissələri dünyanın hər yerindən gətirilir. Gəminin elektrik mühərrikləri Finlandiyanın Wärtsilä texnologiya qrupundan, 40 MVt/saatlıq batareyalar isə Norveçin "Corvus Energy" şirkəti tərəfindən təmin ediləcək.

8 elektrik mühərrikinə sahib olacaq "Incat Hull 096" ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb. Ona görə də gəmidə istifadə olunacaq mühərriklərin gücünü, gəminin maksimum sürətini və məsafəsini söyləmək çox çətindir.

Digər tərəfdən, elektrik gəmilərinin geniş tətbiqi ilə karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalması gözlənilir. Məlum olduğu kimi, bir çox kruiz və yük gəmiləri avtomobillərdən daha çox karbon buraxır. Böyük miqyaslı gəmilər minlərlə avtomobilin bir anda atmosferə buraxdığı zərərli qazlardan daha çoxunu yarada bilər.