"Automobili Pininfarina", nəhayət, bu yaxınlarda B95 kod adı ilə ilk ipuçlarını paylaşdığı elektrik hiperkarını təqdim etdi.

İndex.az xəbər verir ki, məhdud sayda istehsal olunacaq B95 Speedster həm dizaynı, həm performansı, həm də qiyməti ilə heyran edir.

Elektrikli hiperkarda "Barchetta" üçün 'B' hərfi istifadə edildiyi halda, 95 markanın 2025-ci ildə qeyd olunacaq 95 illik yubileyini simvollaşdırır. "Pininfarina" 2025-ci ildə tamamilə kustar üsulla istehsal olunacaq yeni elektrikli hiperkar modelini sahiblərinə çatdırmağı planlaşdırır.

1900 at qüvvəsi və 2360 Nm fırlanma anı hasil edə bilən bu hiperkar 100 km/saatı cəmi 1,8 saniyəyə yığa bilir. 120 kVt/saat tutumlu akkumulyatorun yerləşdiyi yeni elektrik hiperkar 270 kVt sürətli enerji doldurma xüsusiyyətinə də malikdir. Beləcə, elektrik avtomobil öz akkumulyatorunu cəmi 25 dəqiqəyə 20 faizdən 80 faizə qədər doldura bilir.

Onu da qeyd etmək lazımdır ki, dünyanın ilk elektrikli hiper sürətləndirici modeli olan B95 modelindən cəmi 10 ədəd istehsal ediləcək.

Performansı ilə yanaşı, məhdud sayda istehsal ediləcəyi B95-in dəyərini daha da artırır. Kolleksiyaçılar artıq bu elektrikli hiperkarı almaq üçün növbəyə dursalar da, bu avtomobili almaq üçün 4,8 milyon dollar verməli olacaqlar.