Türkiyənin Nevşehir şəhərində çörək sexindən alınan çörəyin içərisindən tapılan ülgüc geniş etirazlara səbəb olub.
İndex.az xəbər verir ki, Muhammet Boyacı adlı vətəndaş çörək sexindən aldığı çörəyin içərisindən ülgüc tapıb. Səhər yeməyində çörəyi yeyən Boyacı sərt bir əşya olduğunu hiss edib. Çörəyi yoxlayanda ülgücü görüb.
Boyacı başına gələnləri bu sözlərlə izah edib: "Böyük ülgüc idi və çörəyin çoxunu artıq yemişdik. Çörəyi ağzıma qoymağa hazırlaşarkən son anda fərqinə vardım. Anam, atam və 7 yaşlı qardaşım oğlu da bu səhər yeməyində idi. Bu ülgüc onlardan birinə dəyə bilərdi. Ola bilsin ki, onlar bunu hiss etməzdilər. Bunu müvafiq orqanlara da şikayət edəcəm".
İlkin qiymətləndirmələrə görə, hadisə çörək sexlərində çörəyin üstünə xətt qoymaq üçün istifadə edilən ülgüc bıçağının təsadüfən xəmirə qarışması nəticəsində baş vermiş ola bilər. Bildirilib ki, hadisə ilə bağlı aidiyyatı orqanlar işə cəlb olunub və çörək sexi ilə bağlı araşdırmalara başlanılıb.
