Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan ABŞ-ın “Coca-Cola Co.” şirkəti bu ilin ikinci yarısında məhsullarının qiymətlərini artırmağa davam edəcək.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti və baş maliyyə direktoru Con Mörfi bildirib.
Onun sözlərinə görə, şirkət qiymətləri inflyasiyaya uyğun təyin edəcək: “Bu, inflyasiyanın yavaşladığı inkişaf etmiş bazarlarda mülayim artım, Argentina, Misir, Nigeriya, Pakistan və Türkiyə kimi yüksək inflyasiyaya malik inkişaf etməkdə olan bazarlarda isə daha nəzərəçarpacaq qiymət artımı deməkdir”.
“Financial Times” nəşri qeyd edir ki, 2023-cü ilin ikinci rübündə “Coca-Cola” qiymətləri 10% qaldırıb. Eyni dövrdə məcmu satışlar dəyişməz qalıb, bu, istehlakçıların içkilərin qiymətindəki artıma sadiqliyini göstərir.
Şirkət ilin sonuna qədər ümumi satış həcminin artacağını gözləyir.
