Çinin “Geely Automobile Holdings” şirkəti Britaniyanın idman avtomobil istehsalçısı “Aston Martin Lagonda” şirkətinə 234 milyon funt sterlinq sərmayə qoyacaq.

İndex.az xəbər verir ki, şirkət onun üçüncü ən böyük səhmdarı olacaq. Bu barədə “Aston Martin”in bəyanatında deyilir.

“Geely” “Yew Tree Overseas Ltd”nin başçılıq etdiyi  investorlar konsorsiumundan 42 milyon “Aston Martin”in səhmini alacaq.  Çin şirkəti hər səhm üçün 335 pens ödəyəcək.

Bundan əlavə, Çin avtomobil istehsalçısı eyni qiymətə 28 milyon yeni “Aston Martin” səhmini də alacaq.

Nəticədə, “Geely” “Aston Martin”in səhmlərinin təxminən 17%-nə sahib olacaq.

Təxminən 21% payla Britaniya şirkətinin ən böyük səhmdarı “Yew Tree”nin rəhbərlik etdiyi konsorsium, ikincisi isə 18% payla Səudiyyə Ərəbistanının dövlət investisiya fondu “Public Investment Fund” (PIF) olaraq qalacaq.

Məlumatda deyilir ki, “Geely” nümayəndəsini “Aston Martin”in Direktorlar Şurasına qeyri-icraçı direktor kimi təyin etmək hüququna malik olacaq.

Qeyd edək ki, “Aston Martin” 1913-cü ildə yaradılıb. 1994-2007-ci illərdə şirkət “Ford Motor Co”ya məxsus idi. “Aston Martin” öz avtomobillərinin Ceyms Bond filmlərində iştirakı sayəsində məşhurlaşıb.