Çinin elektrik avtomobil istehsalçısı NIO şirkəti “Android” əməliyyat sistemində smartfonunu təqdim edir.

İndex.az xəbər verir ki, bunu şirkətin baş direktoru Uilyam Li CNBC telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, smartfonun qiyməti təxminən 900-1000 dollar təşkil edəcək ki, bu da “Huawei”nin analoji modellərindən təxminən 150 dollar ucuzdur.

Çin bazarına çatdırılma sentyabrın 28-də başlayacaq. Şifarişlər artıq bu gün verilə bilər. Hələlik şirkətin cihazı Avropa bazarına çıxarmaq planı yoxdur.

U.Li hesab edir ki, NIO avtomobil sahiblərinin təxminən yarısı cihaz və avtomobil arasında təkmilləşdirilmiş qarşılıqlı əlaqə sayəsində smartfon ala bilər. Şirkət öz tarixi ərzində 400 minə yaxın avtomobil satıb. NIO mobil əlavəsinin gündəlik aktiv istifadəçilərinin sayı isə 600 minə çatır.

CNBC qeyd edir ki, smartfon və avtomobil istehsalçıları fəal şəkildə qarşılıqlı əlaqədədirlər. Xüsusilə, “Huawei” şirkəti “Avatr” və “Arcfox” brendlərinin elektrik avtomobilləri üçün proqram təminatı təqdim edir.

Qeyd edək ki, “Apple” və “Xiaomi” şirkətlərinin də öz avtomobillərini inkişaf etdirməsi ilə bağlı şayiələr yayılır. İsveç avtomobil istehsalçısı “Polestar” şirkəti isə dekabrda öz smartfonunu təqdim etməyi planlaşdırır.