ABŞ-ın “Cadillac” avtomobil istehsalçısı şirkəti “Escalade IQ” adlı ilk tamamilə elektriklə işləyən tam ölçülü yolsuzluq avtomobilini təqdim edib.
İndex.az xəbər verir ki, brendin mətbuat xidmətinin məlumatına görə, modelin kütləvi istehsalına 2025-ci ilin yayında başlanılacaq.
Modelin kuzovunun uzunluğu 5697 mm-dir. Yenilik adi “Escalade” yolsuzluq modelindən orijinal optika, radiator barmaqlığı və markanın işıqlandırılmış emblemi, həmçinin eksklüziv diskləri ilə fərqlənir.
Salonda demək olar ki, bütün ön paneli tutan nəhəng 55 düymlük ekran və “klimat-kontrol” və digər avtomobil parametrləri üçün 11 düymlük ekran quraşdırılıb.
Yeni “Cadillac Escalade IQ” iki elektrik mühərriki ilə təchiz edilib. Elektrik stansiyasının ümumi gücü 750 at gücünə malikdir. 0-dan 100 km/saata qədər sürətlənmə 5 saniyədir. Güc ehtiyatı isə 450 km-ə qədərdir.
Yeni elektrik yolsuzluq avtomobilinin qiyməti 130 000 dollardan başlayır.
