Almaniyanın paytaxtı Berlində Vaşinqton və Kiyevin nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar məxfi şəkildə aparılıb.

İndex.az xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti xəbər yayıb.

Məlumata görə, danışıqlar olduqca məxfidir. Qəzet qeyd edir ki, jurnalistlərin kimin kimlə və nə vaxt danışdığı barədə demək olar, heç bir məlumatı yox idi.

Dünən Berlində Amerika və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib. ABŞ nümayəndə heyətinə Prezidentin xüsusi elçisi Stiven Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner daxildir. Ukrayna tərəfinə Prezident Volodimir Zelenski, Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Andrey Qnatov daxil idi. Almaniya kansleri Fridrix Merts qısa salamlama nitqindən sonra danışıqlar otağını tərk edib.

Nümayəndə heyətləri arasında görüş beş saatdan çox davam edib. Danışıqlardan sonra Uitkoff tərəflərin əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib.

"20 bəndlik sülh planı, iqtisadi məsələlər və digər mövzular üzrə ətraflı müzakirələr apardıq. Əhəmiyyətli irəliləyiş əldə edildi və sabah (bu gün-red) səhər yenidən görüşəcəyik", - o, sosial şəbəkə hesabında yazıb.