Bu ilin yanvar-noyabr aylarında Bakı Beynəlxalq Dəniz Limanında 7 milyon 547 min ton yük aşırılıb.
İndex.az xəbər verir ki, bu barədə liman ərazisinə təşkil edilən mediatur zamanı məlumat verilib.
Bildirilib ki, əgər Ələt qəsəbəsində müasir liman kompleksinin istifadəyə verildiyi 2018-ci ildə Bakı Limanı vasitəsilə 3 milyon 787 min ton yük aşırılmışdısa, cari ilin 11 ayı ərzində bu rəqəm 7 milyon 547 min tona yüksəlib.
Bu yüksək nəticələr Bakı limanının regionun ən etibarlı logistik qovşaqlarından olduğunu bir daha sübut edir və Azərbaycanın logistik sisteminin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Limanın yükaşırma göstəricilərinin artması Azərbaycanın Şərqlə Qərb arasında strateji logistik marşrut kimi mövqeyini daha da möhkəmləndirir. Bakı limanında yaşıl və rəqəmsal logistik həllərin tətbiqi və Orta Dəhliz üzrə inteqrasiyanın dərinləşməsi daha böyük yük həcmləri, daha geniş ticarət əlaqələri və ölkə iqtisadiyyatına daha irihəcmli əlavə dəyər vəd edir.
Son dövrdə Azərbaycanın tranzit rolu ildən-ilə möhkəmlənir, yeni logistik əməkdaşlıqlar və modern infrastruktur nəticəsində yük əməliyyatları sürətlənib və daha çox həcmdə yük qəbul edilir. 2025-ci ilin 11 ayında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Orta Dəhliz üzrə 350 blok-qatar qəbul edib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34 % çoxdur.
