“Domino's Pizza” brendini Türkiyə, Rusiya, Azərbaycan və Gürcüstanda əsas françayzisi olan “DP Eurasia” şirkəti Rusiya bazarında özünü iflas elan edəcəyini açıqlayıb.

İndex.az şirkətə istinadla xəbər verir ki, buna səbəb Rusiyaya qarşı sanksiyaların təsiri, müştərilərə xidmət göstərmək qabiliyyətinin qorunub saxlanması ilə bağlı məsələlərdir.

Qeyd edilib ki, getdikcə çətinləşən vəziyyətlə əlaqədar şirkət bu addımı atmağa məcbur olub və nəticədə satışlar, yəni Rusiyadakı fəaliyyət dayandırılacaq. “Domino's Pizza Russia”nın müflis elan edilməsi müvafiq hüquqi tələblərə uyğun şəkildə gələcəkdə həyata keçiriləcək.

Şirkət, həmçinin bildirir ki, “Domino's Pizza Russia”nın təxminən 520 milyon rubl xarici borcu yaranıb və bu da “DP Eurasia”nın Türkiyədəki törəmə müəssisələri hesabına ödənilir. Nəticədə ümumi borcu azaldıb, 162 milyon funt-sterlinq (5,97 milyon dollar) ümumi nağd pul balansı yaranıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar qərb şirkətlərinin Moskvanı tərk etməsindən sonra “DP Eurasia” Rusiya ilə bağlı əməliyyatları və investisiya məsələlərini nəzərdən keçirdiyini açıqlamışdı.