Azərbaycanda xeyli sayda əcnəbi vətəndaşlar müxtəlif şirkətlərdə çalışırlar. Xüsusilə son illərdə işğaldan azad edilən ərazilərin bərpasına cəlb olunan xarici şirkətlər öz mütəxəssislərini də buraya gətirirlər. Bəs ölkəmizdə onların icbari tibbi sığortası həyata keçirilirmi? Bu, hansı qaydalarla tənzimlənir?

İndex.az-ın suallarını iqtisdaçı ekspert Anar Bayramov  cavablandırıb. Bildirib ki, əcnəbilərin icbari tibbi sığortasının təşkili “Tibbi sığorta haqqında” qanunla tənzimlənir:

“Qanunun 15-2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Həmçinin, həmin  Qanunun 15-2.3-cü maddəsində göstərilib ki, qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. Tutaq ki, neft sektorunda fəaliyyət göstərən şirkət əcnəbi işçisinə 10 000 manat əməkhaqqı hesablayıb. Bu halda vergi ödəyicisi həm əməkhaqqıdan, həm də əməkhaqqı fondundan 170 manat ((8000 x20%)+ (10 000- 8000) x 0.5%z) icbari tibbi sığorta haqqı hesablamalıdır”.

A.Bayramov onu da deyib ki, Azərbaycanda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-rezident vergi ödəyicisi yerli sahibkarlar kimi aylıq olaraq 12 manat (300 (minimum əmək haqqı) x 4 faiz) icbari tibbi sığorta hesablamalıdır. Digər hallarda isə onların tibbi sığortası təmin olunmur:

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi əmək fəaliyyəti ilə məşğul olmursa, bu zaman həmin şəxs üçün icbari tibbi sığorta paketi nəzərdə tutulmayacaq. Yəni, müvafiq qanunvericilikdə tutulan məbləğ – dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat hesablanmayacaq”.

Xatırladaq ki, “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.2-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2%, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5%, sığortaolunan tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 %, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5% məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Qanunun 15-2.2.2-ci maddəsinin müddəalarına və Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisi kimi uçota alınan fiziki şəxslər - fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri sığortalı qismində özləri çıxış edirlər. Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən, onlar üçün minimum aylıq əməkhaqqının 4%-i məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilib.

Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər isə gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2%-i, 8.000 manatdan yuxarı olan hissəsinin isə 1%-i məbləğində icbari tibbi sığorta üzrə sığorta haqqı ödəməlidir.

Bundan əlavə, yanacaq məhsulları, eləcə də aksizli məhsulların idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri hər litrə və ya müəyyən miqdarına görə icbari tibbi sığorta haqqını icbari tibbi sığorta fonduna ödənilməlidir.