Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Pakistan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin qurulması yönündə ilkin razılıq əldə olunub.

İndex.az xəbər verir ki, bu barədə ASA-nın icraçı direktoru Elmar Mirsalayevin Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşündə məlum olub.

Məlumata görə, görüşdə Assosiasiyanın icraçı direktoru E. Mirsalayev səfirə ölkəmizdə sığorta sektorunun inkişafı istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər haqqında məlumat verib. O, həmçinin 5 türkdilli ölkənin sığortaçılar bilriklərinin iştirakı ilə yaradılmış Türk Dünyası Sığorta Birliyi haqqında da danışaraq Təşkilatın regionda sığorta sahəsində əlaqələrin inkişafı və regional sığorta habının formalaşması istiqamətindəki əhəmiyyətindən söz açıb.

B.Haye isə öz növbəsində Azərbaycanın sığorta sektorunda həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Səfir həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan sığorta bazarının Pakistanın sığorta sahəsində tətbiq etdiyi yeni beynəlxalq maliyyə hesabatı standartı təcrübəsindən faydalana biləcəyini, habelə iki ölkə arasında təkrarsığorta sahəsində münasibətlərin formalaşacağına ümid etdiyini bildirib.