Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 598,2 milyon manat təşkil edib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 15,9 % artıb.
Hesabat dövründə 838,5 min ton həcmində avtomobil benzini, 1 351,3 min ton dizel yanacağı, 35,4 min ton sürtkü yağları, 137,7 min ton neft bitumu istehsal edilib.
Belə ki, ötən 7 ay ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 29,8 %, dizel yanacağının istehsalı 25,5 %, sürtkü yağlarının istehsalı 63,1 %, artıb. Neft bitumunun istehsalı isə 39,7 % azalıb.
Həmçinin, 2023-cü ilin yanvar-iyul ayları ərzində ölkədə 141 min ton maye qazlar, 334,2 min ton ağ neft, 4 min ton mazut, 142,2 min ton neft koksu istehsal edilib.
Son bir ildə Azərbaycanda maye qazların istehsalı 15,5 %, ağ neftin istehsalı 8,1 %, neft koksunun istehsalı 46,3 %, artıb. Bu müddət ərzində ölkədə mazutun istehsalı 94 % azalıb.
